Birinci xanım Mehriban ƏLİYEVA: Azərbaycan artıq altıncı dəfə «Eurovision» mahnı müsabiqəsində uğurla təmsil olunmuşdur

 

İyunun 7-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilmiş "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədov ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik etmişdir.

Mehriban xanım Əliyeva  artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulamışdır. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının  dövlətimiz tərəfindən daim dəstəkləndiyini qeyd etmiş, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirmişdir. Mehriban xanım Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirmişdir.

Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı, ölkəmizi "Eurovision-2013"də təmsil edən Fərid Məmmədovu bir daha təbrik etmiş, ona uğurlar arzulamışdır.

Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli çəkdirilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 8 iyun.- S.6.